22/05/2026
Azərbaycan Xalq Cümhuriyyətinın yadigarı olan dövlət bayrağımız bu gün işğaldan azad olunmuş ərazilərdə dalğalanır
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsində elə mərhələlər var ki, onlar yalnız milli taleyi deyil, həm də bütöv bir coğrafiyanın siyasi təfəkkürünü kökündən dəyişib. 1918-ci il mayın 28-də Şərqdə və müsəlman aləmində ilk dəfə olaraq hüquqi, dünyəvi və demokratik prinsiplərə əsaslanan parlament respublikasının — Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması məhz belə bir tarixi hadisədir.
Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Xalq Cümhuriyyəti dövlət quruculuğu sahəsində nəhəng addımlar atdı. Müstəqilliyin ilk günlərindən etibarən ölkədə köklü dəyişikliklər həyata keçirildi. Azərbaycanın ilk parlamenti və hökuməti quruldu, dövlət atributları təsis olundu. Üçrəngli dövlət bayrağı və Azərbaycan vətəndaşlığı institutu təsis olundu. Ölkənin suverenliyini qorumaq üçün Milli Ordu yaradıldı və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı şəhəri işğalçılardan azad edilərək paytaxt elan olundu.
İqtisadi, siyasi və mədəni inkişafı təmin etmək məqsədilə parlament tərəfindən çoxsaylı mütərəqqi qanunlar qəbul edildi. Xüsusilə hüquq sisteminin qurulmasına və ədliyyə sahəsinə böyük önəm verildi. Cümhuriyyətin elan olunduğu gün, yəni 1918-ci il mayın 28-də Ədliyyə Nazirliyi təsis edildi. Bunun ardınca, noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilərək hüquqi dövlətin sütunları möhkəmləndirildi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti milli və peşəkar kadrların yetişdirilməsini dövlətin gələcək inkişafının təminatı kimi görürdü. Bu məqsədlə 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərar qəbul edilərək tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı.
Milli hökumətin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda, Paris Sülh Konfransında müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını və dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək əsas vəzifə idi. Bu məqsədlə ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmiz beynəlxalq hüququn subyektinə çevrildi.
1920-ci ildə, iyirmi üç aydan sonra respublikanın süqut etməsi bir daha onu göstərdi ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirilsə də, azadlıq ideyaları xalqın qəlbində yaşamağa davam etdi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmış və təsis etmişdir. Bununla da tarixi varislik bərpa olundu. Bu gün tam qətiyyətlə demək olar ki, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir.
Dövlət başçısının təşəbbüsü ilə 2007-ci il 25 may tarixində Bakı şəhərinin İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş İstiqlal bəyannaməsi abidəsi ucaldılmışdır. Prezident İlham Əliyevin iştirakı ilə açılan bu abidə dövlətçilik ənənələrinə sadiqliyin rəmzidir. Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.
Ən böyük tarixi uğur isə odur ki, Azərbaycan Xalq Cümhuriyyətinın yadigarı olan dövlət bayrağımız bu gün işğaldan azad olunmuş ərazilərdə dalğalanır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Dosent Asif AXUNDOV,
ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru